Fevralın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. Universitetin professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədbirdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev çıxış edərək müxtəlif dövrlərində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən cinayətlərdən danışıb. O, qeyd edib ki, Xocalı soyqırımı da düşmənin insanlığa qarşı törətdiyi ən ağır cinayətlərdən biridir və Azərbaycanın yenilməz Ordusu düşməndən qisasını alıb, bu gün Azərbaycan bayrağı bütün torpaqlarımızda dalğalanır.
Universitetin Humanitar fənlər kafedrasının müdiri, professor Camal Mustafayev, kafedranın professoru İradə Nuriyeva Xocalı soyqırımı haqqında danışarkən Azərbaycan tarixinə kiçik ekskursiya ediblər. Onlar tarixi faktları sadalamaqla tələbələrin diqqətinə çatdırıblar ki, erməni daşnakları hər bir fürsətdə azərbaycanlılara qarşı cinayət törətməyə, Azərbaycan torpaqlarını mənimsəməyə çalışıblar. Çıxışlarda o da qeyd olunub ki, tarixi ədalət zamanında bərpa olundu və 2020-ci ildə 30 ilə yaxın bir müddətdə düşmən tapdağında olan torpaqlarımız 44 gün ərzində işğaldan azad olundu.
ADNSU-nun II kurs tələbəsi Asiman Nəcəfli də tələbələr adından çıxış edərək Azərbaycanın tarixini hər zaman diqqətlə öyrənəcəklərini və özlərindən sonraki nəsilə çatdıracaqlarını bildirib.