Martın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda tədbir keçirilib.
ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Mülki müdafiə qərargahının rəisi Elşən Məmmədov mövzunun vacibliyi haqqında danışıblar. Çıxışlarda mülki müdafiə gününün yaranma tarixi haqqında tədbir iştirakçılarına məlumat verilib. Ölkəmizdə, o cümlədən ADNSU-da mülki müdafiəyə ayrılan diqqət və önəmin əhəmiyyətindən danışılıb.
Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir. Əhalinin mühafizəsini, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.
Qeyd edək ki, Ümumdünya Mülki Müdafiə Günü- 1972-ci ildə Ümumdünya Mülki Müdafiə Təşkilatının yaradılması münasibətilə hər il kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan 1993-cü ildə bu nüfuzlu beynəlxalq təşkilata üzv olmuşdur.