×

Xəbərlər

Xəbərlər 11 Mar 2023
ADNSU-da məzun geoloqlarla görüş keçirilib

Martın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Geoloji-kəşfiyyat fakültəsinin məzunları ilə görüş keçirilib.  

ADNSU rektorunun Universitet-Sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri Sakit Səmədov və Geoloji-kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayevin təşkilatçılığı ilə keçrilən görüşdə universitetlə məzunların iş birliyindən, qarşılıqlı əməkdaşlıqdan bəhs olunub.  

40-a yaxın məzunun iştirak etdiyi görüşdə müşavir Sakit Səmədov və dekan dosent Naməd Paşayev məzunlarının onlar üçün hər zaman doğma olduğunu bildiriblər. Qeyd olunub ki, ADNSU-nun hər bir məzunun uğuru universitetin uğurudur, cəmiyyətimizin, xalqımızın qazancıdır. Diqqətə çatdırılıb ki, hər zaman Azİİ məzunları dünyanın müxtəlif ölkələrində həm vətənlərini, həm də doğma universitetlərini layiqincə təmsil edirlər.  

İxtisaslarına uyğun müxtəlif özəl və dövlət qurumlarında çalışan, hazırda həm də Türkiyyənin nüfuzlu ali təhsil müəssisələrində magistr dərəcəsində təhsil alan gənc geoloqlar öz təcrübələrindən danışıblar. Onlar doğma universitetlə əməkdaşlığa hər zaman hazır olduqlarını vurğulayıblar və bildiriblər ki, ADNSU-nun adı onlar üçün dəyişilməz brenddir. Hazırda geologiya fakültəsində təhsil alan tələbələrimizin təcrübə keçməsi və ixtisaslarına uyğun işlə təmin olunması üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd edən mühəndislər öz platformaları və fəaliyyətləri haqqında məlumat veriblər. Onlar hazırda universitetdə uyğun ixtisas üzrə təhsil alan tələbələrin təhsil prosesində daha hazırlıqlı və peşəkar formalaşması üçün təkliflərlə çıxış ediblər. 

Müşavir Sakit Səmədov görüşdə iştiraka görə məzunlara təşəkkürünü bildirib və yeni yaradılan ortaq platforma üzərindən universitetin hər zaman məzunlarla ünsiyyətdə olacağını, onların daha da inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirib. Görüşdə universitetlə məzunlarının əməıkdaşlığının daha da möhkəmləndirilməsi məqsədi ilə yeni layihələrin müzakirəsi olub, birlikdə uğur hədəfləri müəyyən olunub.


Paylaş