Martın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) ilə görüş keçirilib.
Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti, həmçinin KOB Subyektləri və Klublarının Assosiasiyasının sədri Nigar Ələsgərova və digər nümayəndələr iştirak ediblər.
Qonaqları salamladıqdan sonra rektor, professor M.Babanlı universitet haqqında məlumat verib, görülən işlər, startap layihələrinin mövcud vəziyyəti və yeniliklərdən danışıb. Rektor M.Babanlı həmçinin biznes yönümlü ideyaları olan gənclərin biznes təfəkkürlərinin inkişaf etdirilməsi və onlar üçün maddi bazanın təmin edilməsinin universitetdə prioritet olduğunu qeyd edərək tələbələrin təkmilləşdirilməkdə olan startap layihələrinin biznes mühitə çıxarılmasına dəstək göstərilməsinin vacibliyini vurğulayıb.
ADNSU-da olmaqdan məmnunluğunu bildirən KOB Subyektləri və Klublarının Assosiasiyasının sədri N.Ələsgərova gənclərin startap ideyalarını dəsətkləməyə hər zaman hazır olduqlarını bildirərək universitetdə müxtəlif sahələrdəki qabaqcıl şirkətlərin, dövlət qurumlarından olan ekspertlərin iştirakı ilə seminar və görüşlərin keçirilməsinin əhəmiyyətini bildirib.
Sonra tərəflər arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Qeyd edək ki, memoranduma əsasən müəllim və tələbələr arasında elmi-praktiki məlumatların, tələbələrin bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi ilə bağlı birgə layihələrin icrası, menecment, rəqabət, dövlət satınalmaları, reklam, texniki tənzimləmə, standartlaşdırma, xüsusilə də istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarətin inkişafına dair Dövlət proqramları və milli fəaliyyət planlarında yer almış qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığa yönəlib.