Bakı şəhəri 300 nömrəli tam orta məktəbdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tərəfindən verilən 16 kitabdan ibarət texniki-populyar seriyanın təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Məmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) prorektoru, dosent Ata Babayev, kitabın müəllifləri - ADNSU-nun dekanları Naməd Paşayev, Aydın Əliyev, Fərid Ağayev, İlham Rüstəmov, Universitetin məsləhətçi professoru Ələsgər Əliyev, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.
BŞTİ-nin müdir müavini A.Məmmədov “Heydər Əliyev İli” çərçivəsində dəyərlərin təbliği ideyasının işığında ADNSU tərəfindən məktəblilərə kitab dəstinin hədiyyə edilməsini təqdirəlayiq addım kimi qiymətləndirib. Texniki-populyar seriyanın texniki sahələr üzrə əhəmiyyətli vəsait olduğunu deyən A.Məmmədov bu kitablardan tələbələrlə yanaşı, magistrlar, doktorantlar, müəllimlər və elmi işçilərin, hətta məktəblilərin də faydalana biləcəklərini söyləyib. Müdir müavini məktəblilərə təqdim olunan bu kitabların gələcəkdə onların ali təhsil pillələrində yüksəlməsində, bir şəxsiyyət kimi formalaşmasında böyük rol oynayacağını diqqətə çatdırıb.
Prorektor, dosent Ata Babayev çıxışı zamanı öncə ADNSU-nun rektoru, professor Mustafa Babanlının salamını bütün tədbir iştirakçılarına çatdırırb. İstanbul şəhərində yüksək keyfiyyətlə çap olunmuş 16 kitabdan ibarət texniki-populyar seriyanın birbaşa ADNSU-nun rektoru, professor Mustafa Babanlının dəstəyi ilə ərsəyə gəlidiyini deyən prorektor A.Babayev bu gün elmin müxtəlif istiqamətləri üzrə universitet rəhbərliyi və professor-müəllim heyətinin birgə fəaliyyəti nəticəsində ciddi uğurlara imza atıldığını bildirib. O, ADNSU-da mütəmadi olaraq elmin müxtəlif sahələri üzrə, xüsusilə texniki, kimya, energetika və geologiyaya həsr olunmuş kitabların nəşr olunduğunu deyib. Qeyd edib ki, bu gün təqdim olunan kitab dəsti həm müəllimlərin, həm də şagirdlərin inkişafı üçün faydalı olacaq.
Tədbirdə iştirak edən kitab müəllifləri 16 kitabdan ibarət texniki-populyar seriya barədə ətraflı məlumat veriblər. Onlar qeyd ediblər ki, texniki-populyar seriya Azərbaycanda elmin populyarlaşması və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Müəlliflər bu kitabların həm də gənclərin düzgün ixtisas seçimində onlara böyük dəstək olcağını diqqətə çatdırıblar.
Daha sonra şagirdlərin ifasında ulu öndər Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş olunub.