Martın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) dəstəyi və təşkilatçılığı ilə İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorlarının ifasında ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Qurtuluş” tamaşası nümayiş olunub.
Tamaşadan öncə giriş nitqi ilə çıxış edən ADNSU-nun Humanitar fənlər kafedrasının müdiri, professor Camal Mustafayev Azərbaycan xalqının tarixində silinməz iz qoyan ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətindən danışıb. O qeyd edib ki, ümummilli liderin dövlət, millət qarşısındakı əvəzsiz xidmətləri zaman keçdikcə daha aydın görünür və Azərbaycan xalqı ümummilli liderin əziz xatirəsini hər zaman böyük ehtiram və minnətdarlıqla yad edəcək.
Sonra baş rolda Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin çıxış etdiyi “Qurtuluş” tamaşası nümayiş olunub. İki hissəli epik tarixi dram iştirakçılar tərəfindən maraqla qarşılanıb.