×

Xəbərlər

Xəbərlər 29 Mar 2023
Fransada UFAZ-ın inkişaf perspektivləri müzakirə olunub

Martın 27-dən başlayaraq Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Fransada ikigünlük səfərdə olub.

Səfərin ilk günündə Elm və təhsil naziri Emin Əmrullayev Strasburq Universitetinin rektoru Mişel Denekenlə görüşüb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı və Azərbaycan-Fransız Universitetinin (UFAZ) direktoru Vazeh Əsgərovun da iştirak etdiyi görüşdə tərəflər elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, elmi-tədqiqat və tələbə mübadiləsi sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

Görüşdə həmçinin, Azərbaycan-Fransız Universitetinin (UFAZ) 2024-2030-cu illər üzrə inkişaf perspektivləri barədə təqdimat keçirilib. Səfər çərçivəsində nümayəndə heyəti Strasburq Universitetinin müxtəlif elmi laboratoriyaları və tədqiqat mərkəzlərinə baş çəkib, eləcə də universitetdə hazırda təcrübə keçən UFAZ tələbələri ilə görüşüb.

Qeyd edək ki, UFAZ 2014-cü ildə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaradılıb. UFAZ Azərbaycan tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fransa tərəfindən isə Strasburq Universitetinin idarə etdiyi konsorsium çərçivəsində məzunlara iki diplom təqdim edir.


Paylaş