×

Xəbərlər

Xəbərlər 29 Mar 2023
ADNSU-da Elmi Şuranın növbəti iclası keçirilib

Martın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verdikdən sonra universitetdə aparılan təhsil siyasəti, görülən işlər, yeniliklər və çatışmazlıqlardan danışıb.

İclasın gündəliyinə uyğun olaraq məruzələr dinlənilib. Belə ki, Elmi katib, dosent Nərminə Əliyeva Müsabiqə və kvalifikasiya işləri, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov ADNSU-nun beynəlxalq əlaqələrinin vəziyyəti, Kimya texnologiya fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova fakültənin illik fəaliyyəti, İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov 2022-2023-cü tədris ilinin yaz semestri ərzində təşkil olunan bütün növ təcrübələrin vəziyyəti barədə hesabat məruzəsi ilə çıxış ediblər.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı ADNSU-nun QS reytinqinə hazırlığın vəziyyəti, “Bərpa olunan enerji mühəndisliyi” ixtisasında tədris aparan müəllimlərin əməyinin qiymətləndirilməsi, Layihə menecmenti ofisinin əsasnaməsinin təsdiq edilməsi barədə çıxış edərək bu barədə Şura üzvlərinə geniş məlumat verib, atılacaq konkret addımlardan danışıb. 

Elmi Şurada İELTS imtahanında yüksək nəticə göstərmiş tələbələrin mükafatlandırılması, həmçinin ADNSU-nun basketbol komandasının hər bir üzvünə “İdman təqaüdünün” təsis edilməsi məsələləri də şura üzvləri tərəfindən müzakirə olunub, qərarlar qəbul olunub. 

Elmi Şuranın iclasında gündəlikdə olan bu və ya digər məsələlər şura üzvləri ilə müzakirə edildikdən sonra yekdil qərarlar qəbul olunub. Rektor, professor Mustafa Babanlı bütün məsələlərlə bağlı irad və təkliflərini bildirib, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verib.


Paylaş