×

Xəbərlər

Xəbərlər 03 Apr 2023
ADNSU-da Çin Neft Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib

Aprelin 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çin Neft Universitetinin (Pekin) nümayəndə heyəti ilə görüşüb. 

Qonaqları salamladıqdan sonra rektor, professor M.Babanlı universitetdə tədris prosesi, ixtisaslar, əcnəbi tələbələr, beynəlxalq layihələr və əməkdaşlıq haqqında ətraflı məlumat verib. ADNSU-da təhsil alan əcnəbi tələbələr arasında çinli tələbələrin də olduğunu qeyd edən rektor M.Babanlı Çin universitetləri ilə xüsusilə də Çin Neft Universiteti ilə əməkdaşlığın əhəmiyyətinə toxunub və bir çox sahələrin, o cümlədən enerji və ətraf mühit üzrə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin vacib olduğunu deyib. 

ADNSU-da olmaqdan məmnunluğunu bildirən Çin Neft Universitetinin (Pekin) kansleri Chen Feng birgə əməkdaşlığa və göstərilən diqqətə görə təşəkkürünü bildirib. Yaşıl enerji və iqlim dəyişiklikləri üzrə bir çox layihələrin həyata keçirildiyini deyən qonaq bu sahədə ADNSU-nu yaxın dost və strateji tərəfdaş kimi dəyərləndirərək əməkdaşlıq üçün bir çox imkanlar olduğunu qeyd edib.

Görüşdə tələbə mübadiləsi, enerji və ətraf mühit məsələləri, həmçinin yay məktəbi və digər istiqamətlərdə birgə əməkdaşklıq məsələləri müzakirə olunub. 

Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.


Paylaş