×

Xəbərlər

Xəbərlər 10 Apr 2023
UFAZ-da “Heydər Əliyev və Azərbaycan-Fransa münasibətləri” mövzusunda konfrans keçirilib

Aprelin 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Frankofoniya həftəsinə start verilib.

Açılış tədbirində, Yeni Azərbaycan Partiyası və Azərbaycan-Fransa Məzunları (AAAF) İctimai birliyinin dəstəyi ilə, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə sabiq Baş nazir Novruz Məmmədovun təqdimatında “Heydər Əliyev və Azərbaycan-Fransa münasibətləri” adlı konfrans baş tutub.

Konfransda Fransanın Azərbaycandakı səfiri Ann Buayon, səfirliyin Mədəniyyət və əməkdaşlıq məsələləri üzrə müşaviri Şarl Deniye və digər qonaqlar iştirak edib. UFAZ-ın İcraçı direktoru, YAP idarə heyətinin üzvü və AAAF-ın sədri Vazeh Əskərov qonaqları salamlayaraq Novruz Məmmədovun həyat yolu barədə qısa məlumat verib.

1997-2017-ci illərdə Prezident administrasiyasının xarici əlaqələr departamentinin rəhbəri olmuş Novruz Məmmədov, Ümummilli liderin ikitərəfli münasibətlərin inkişafında olan rolu barədə öz xatirələrini paylaşıb. N. Məmmədov Jak Şirak və Heydər Əliyevin ilk görüşündə tərcüməçi kimi xatirələrini, Minsk qrupu tərkibi ilə bağlı səhərə qədər çəkən müzakirələri xatırlayıb. Heydər Əliyevin öz həmsöhbətlərini inandırmaq üçün görüşlərə necə dərindən hazırlaşdığını xüsusilə qeyd edib.

İndiki ikitərəfli münasibətlərə toxunaraq, o, bildirib ki, ölkələr arasında əlaqələrdə həmişə eniş və yüksəlişlər olub. Münasibətləri hər iki tərəf üçün məqbul hala gətirmək və saxlamaq bu sahədə çalışan diplomatların üzərinə əlavə yük və məsuliyyət qoyur.

Sonda Novruz Məmmədov qonaqların suallarına cavab verib.


Paylaş