Aprelin 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “Azərbaycan Françayzinq Assosiasiyası” İdarə heyətinin sədri Camid Mövsümov və onun rəhbərlik etdiyi nümayandə heyəti ilə görüşüb. Görüşdə həmçinin ADNSU-nun professor-müəllim heyəti və tələbələr də iştirak ediblər.
ADNSU rektorunun Universitet-Sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri Sakit Səmədovun təşkilatçılığı ilə keçirilən görüşdə qonaqları salamlayan rektor, professor Mustafa Babanlı universitetdə mövcud olan təhsil və tədris prosesi haqqında məlumat verib, həm süni intellekt, həm də startap layihələrinin uğurlu nəticələrindən danışıb. Rektor, professor Mustafa Babanlı əlavə edib ki, “Azərbaycan Françayzinq Assosiasiyası” ilə əməkdaşlıqda məqsəd françayzinqlə bağlı tələbələri məlumatlandırmaq, universitetin məhsul və xidmətləri, ixtiralarının geniş biznes bazarında tanıdılması və təşviq olunmasıdır.
“Azərbaycan Françayzinq Assosiasiyası” İdarə heyətinin sədri Camid Mövsümov assosiasiyanın fəaliyyəti haqqında məlumat verib. O, bildirib ki, ADNSU ilə əməkdaşlıqda maraqlıdırlar və gələcəkdə əməkdaşlıq çərçivəsində tələbələr üçün təcrübə və iş yerləri ilə bağlı addımlar atacaqlar, birlikdə yeni layihələrin icrasını planlaşdırırlar.
Qarşılıqlı fikir mübadiləsi çərçivəsində keçirilən görüşdə perspektiv layihələrdən danışılıb. Sonra tərəflər müzakirə olunan mövzu ilə bağlı Əməkdaşlıq memorandumu imzalayıblar.