Aprelin 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib.
İclasın gündəliyində olan məsələlərin müzakirəsinə keçməmişdən öncə ADNSU-nun Kimya texnologiya fakültəsinin “Neft-kimya texnologiyası və sənaye ekologiyası”, “Üzvü maddələr və yüksək molekullu birləşmələrin texnologiyası” və “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedralarının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nəzdində fəaliyyət göstərəcək birgə filialının yaradılması haqqında müqavilə imzalanıb. Tərəflər müqavilə çərçivəsində görüləcək işlərdən və layihələrdən danışıblar, bu sahədə birgə əməkdaşlığın müsbət nəticə verəcəyinə ümidvar olduqlarını bildiriblər. Sənədi ADNSU-nun rektoru, professor Mustafa Babanlı və Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov imzalayıblar.
Elmi Şuranın iclasında ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin professoru Ələsgər Əliyevi 75 illik yubileyi münasibəti ilə təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzu edib.
Rektor, professor Mustafa Babanlı gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verildikdən sonra universitetdə görülən işlər, yeniliklər və çatışmazlıqlardan danışıb.
İclasın gündəliyinə uyğun olaraq məruzələr dinlənilib. Belə ki, professor-müəllim heyətinin stajkeçməsi və ixtisasartırmanın təşkili haqqında SMİİYİ-nin direktoru, dos.Hamlet Hüseynov, İMF-nin illik fəaliyyəti haqqında fakültənin dekanı dos.İlham Rüstəmov məruzəsi ilə çıxış edib.
Elmi Şuranın iclasında “Rəqəmsal İnkişaf və İnnovasiya” Mərkəzinin yol xəritəsinin təsdiq edilməsi barədə mərkəzin direktoru Rasim Abdullayev geniş hesabat məruzəsi ilə çıxış edib. Qısa müddətdə mərkəzin gördüyü işlər, qarşıdakı hədəflər haqqında şura üzvlərinə geniş məlumat verib.
Rektor, professor Mustafa Babanlı gündəliyə uyğun olaraq Data Analitika Mərkəzinin əsasnaməsi, İngilis dilində keçiriləcək mərkəzləşdirilmiş imtahanlarda təhsil alanların aralıq qiymətləndirilməsi və gündəlikdə olan bir neçə məsələni şura üzvlərinin müzakirəsinə çıxarıb. Elmi Şuranın iclasında bu və ya digər məsələlər şura üzvləri ilə müzakirə edildikdən sonra yekdil qərarlar qəbul olunub. Rektor, professor Mustafa Babanlı bütün məsələlərlə bağlı irad və təkliflərini bildirib, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verib.