×

Xəbərlər

Xəbərlər 27 Apr 2023
UFAZ-da Beynəlxalq elmi konfrans başa çatıb

Aprelin 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) keçirilən Mürəkkəb Hesablama Ekosistemləri (Complex Computational Ecosystems - CCE23) adlı beynəlxalq elmi konfrans başa çatıb.

Qeyd edək ki, 3 gün davam edən tədbir ADNSU, Strasburq Universiteti, Fransa Milli Elmi Araşdırmalar Mərkəzi və UNESCO (UniTwin) ilə birgə təşkil olunub.

CCE23 çoxsəviyyəli və çoxmodallı hesablama ekosistemlərinin empirik müşahidələri ilə nəzəri sualları ehtiva edən transdissiplinar problemlərlə məşğul olan 20-dən çox alimi bir yerə toplayıb. Ümumilikdə konfransda 17 elmi məqalə təqdim olunub. Azərbaycanla yanaşı (3 məruzə), Fransa (5 məruzə), İrlandiya (3 məruzə), Yaponiya (2 məruzə), ABŞ/Çexiya, Almaniya, Ekvador və Mavritaniyadan (hər birindən 1 məruzə) olan alimlər məruzə ilə çıxış ediblər. Konfransda təqdim olunan məqalələrdən 16-sı beynəlxalq elmi məcmu olan Springer tərəfindən dərc olunmaq üçün qəbul edilib.

Hibrid formatda keçirilən tədbirdə 18 məruzəçi ilə yanaşı və 5 əsas məruzəçi də çıxış edib. Məruzəçilər arasında UFAZ-ın kompüter elmləri üzrə müəllimləri Ülviyyə Əbdülkərimova, Rauf Fətəli və Samer El Zant (ADNSU-dan professor Lətafət Qardaşova və Babək Qirimov) da olub.

Konfransın bağlanış mərasimində Strasburq Universitetinin professoru Pyer Kolle, ADNSU-nun prorektoru professor Lətafət Qardaşova, UFAZ-ın İcraçı direktoru Vazeh əskərov və baş katibi Elizaveta Bydanova iştirakçılara və məruzəçilərə təşəkkür edib.

Yekunda Springer jurnalı tərəfindən seçilən ən yaxşı məqalə mükafatına Strasburq universitetinin doktorantı Amani Abou Rida layiq görülüb. Konfransda həmçinin ən yaxşı tələbə və ən yaxşı qeyri-tələbə təqdimatlarına görə də xüsusi diplomlar təqdim olunub. Ən yaxşı tələbə təqdimatına görə Majid Cabir və ən yaxşı qeyri-tələbə təqdimatına görə isə Masatoşi Funabaşi mükafatlandırılıb.

Beləliklə, 3 ildə bir dəfə keçirilməsi nəzərdə tutulan Complex Comupational Ecosystems beynəlxalq konfrans öz işini başa vurub.


Paylaş