×

Xəbərlər

Xəbərlər 02 May 2023
ADNSU-nun əməkdaşı “SƏTƏM” üzrə ilin mentoru mükafatına layiq görülüb

Aprelin 29-da SƏTƏM konfransı keçirilib. Konfransda ADNSU-nun “Sənaye təhlükəsizliyi və əmək mühafizəsi” kafedrasının professor-müəllim heyəti və “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə təhsil alan buraxılış qrupunun tələbələri də iştirak ediblər. Konfransın işində əməyin və ətraf mühitin mühafizəsi, texniki təhlükəsizlik, keyfiyyət, texnikaların diaqnostikası məsələləri ilə bağlı mövcud problemlər, tələblər, təlim və xidmətlər üzrə yerli və xarici mütəxəssislərin çıxışları diqqətlə dinlənilib. İşçilərin və avadanlıqların sertifikatlaşdırılmış olmasına xüsusi önəm verilən bir çox sənaye sahələrində Beynəlxalq Akkreditasiyaların tələblərinə uyğun Təlim-tədris və Mühəndis Xidmətləri yerinə yetirən “TCS” şirkətinin rəhbəri Anar Məlikov qeyd edib ki, ADNSU tələbələrin SƏTƏM üzrə Beynəlxalq sertifikatlaşdırmağa cəlb olunmasına xüsusi əhəmiyyət verən ali təhsil müəssisəsidir. Artıq ADNSU ilə “TCS” şirkəti arasında bu sahədə əməkdaşlıq müqaviləsi bağlanmışdır.

Hazırda ADNSU-nun 13 nəfərlik professor-müəllim heyəti beynəlxalq sertifikatların alınması məqsədi ilə “Təlimçinin təlimi” kurslarına qoşulub. 2023-cü ilin sentyabr ayından başlayaraq ADNSU-nun bakalavr səviyyəsində təhsil alan yuxarı kurs tələbələri SƏTƏM dərslərini 30 saat həcmində keçəcəklər, kifayət qədər yüksək göstərici əldə edənlər I səviyyəli Beynəlxalq SƏTƏM sertifikatına layiq görüləcəklər. Bu layihə Beynəlxalq sertifikatlaşdırıcı şirkət İOSH-un məsul nümayəndəsi Alan Stevens tərəfindən də yüksək qiymətləndirilib.

Sonda tədbirdə iştirak edən “Sənaye təhlükəsizliyi və əmək mühafizəsi” kafedrasının əməkdaşlarına iştirakçı sertifikatları təqdim olunub. Kafedranın müdiri prof. Sakit Rəsulov isə “SƏTƏM” üzrə ilin mentoru mükafatına layiq görülüb


Paylaş