×

Xəbərlər

Xəbərlər 04 May 2023
ADNSU-da Gənc Tədqiqatçı və Doktorantların Elmi Konfransı keçirilir

Mayın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş gənc Tədqiqatçı və Doktorantların Respublika Elmi Konfransı işinə başlayıb.

Konfrans ulu öndər Heydər Əliyevin büstünün önünə əklil qoyulması ilə başlanıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ulu öndər Heydər Əliyev həyat və yaradıcılığından bəhs edən qısametrajlı film nümayiş olunub.

Konfransın açılış mərasimində çıxış edən rektor, professor M.Babanlı builki konfransın ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib və bu səbəbdən də gənc doktorant və tədqiqatçıların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Rektor, professor M.Babanlı həmçinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən danışaraq bu gün də bu missiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və gənclərin elmi tədqiqat işləri üçün böyük imkanlar yaradıldığını deyib və konfrans işinə uğurlar arzulayıb.

Sonra Humanitar fənlər kafedrasının müdiri, professor Camal Mustafayev və Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün əvəzsiz rolundan danışıblar, eləcə də konfransın əhəmiyyətindən bəhs ediblər.

Qeyd edək ki, iki gün davam edəcək konfransda müxtəlif bölmələr üzrə (Kimya, Kimya-texnologiya, Ekologiya, Geologiya və geofizika, Neft-qaz yataqlarının mənimsənilməsi, Mexanika və maşınqayırma, Energetika və enerji resursları, Avtomatika və informatika, İqtisadiyyat və idarəetmə) plenar iclaslar keçiriləcək.


Paylaş