Mayın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin və universitetin birgə təşkilatçılığı ilə tələbələrlə görüş keçirilib.
ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev çıxış edərək rektor, professor Mustafa Babanlının salamını tədbir iştirakçılarına çatdırıb. Sonra prorektor Ata Babayev gənclərin maariflənməsini, qayğıkeşlik və xeyirxalıq kimi ciddi məqsədləri özündə birləşdirən belə görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Hazırda keçirilən görüşün tələbələr üçün vacibliyini qeyd edən Ata Babayev layıqlı övlad, yaxşı vətəndaş, faydalı insan olmaq üçün sağlamlığın önəmli olduğunu gənclərə xatırladaraq xeyirxahlıq missiyasını da hər zaman diqqətdə saxlamağın üstünlükləri haqqında onlara məlumat verib.
“Leykemiya ilə Mübarizə” İctimai Birliyinin könüllülərinin və ADNSU-nun tələbələrinin də iştirak etdiyi görüşdə video-süjetlər təqdim olunub. Sonra birliyin könülülüəri - Dilşad Əzizli, Ceyhun Əsgərov, İlham Məmmədzadə və Fidan İmamquliyeva leykemiya xəstəliyindən əziyyət çəkən insanlarla görüşlər zamanı qarşılaşdığı təəssüratları bölüşüblər. Gənclər nəyə görə “könüllü” olduqlarından danışaraq hər bir dəstəyin belə insanlar, uşaqlar və onların valideynləri üçün böyük motivasiya olduğunu qeyd ediblər.
Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb və universitet adından prorektor Ata Babayev ictimai birliyin könüllülərinə Təşəkkürnamə təqdim edib.