×

Xəbərlər

Xəbərlər 18 May 2023
“Ulu öndərin Azərbaycan rəhbərliyinin mərhələləri və nəticələri” adlı tədbir keçirilib

Mayın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Ulu öndərin Azərbaycan rəhbərliyinin mərhələləri və nəticələri” adlı tədbir keçirilib. Universitetin professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədbirdə Dövlət Himni səsləndikdən sonra “Humanitar fənlər” kafedrasının müdiri, professor Camal Mustafayev dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs edib. O, qeyd edib ki, ulu öndər Heydər Əliyev həyat və fəaliyyətinin bütün illərində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır sınaqlarından çıxarıb, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaradıb. Professor Camal Mustafayev onu da vurğulayıb ki, dahi şəxsiyyətin qurduğu müasir Azərbaycan dövləti bu gün Prezident İlham Əliyev tərəfindən daha da yüksək səviyyədə inkişaf etdirilərək abad və güclü bir dövlətə çevrilib, bu gün nəinki regionda, bütün dünyada Azərbaycan qüdrətli dövlət olaraq qəbul edilir, beynəlxalq müstəvidə söz sahibidir.

Tədbirdə “İctimai fənlər” kafedrasının dosenti Azad Cəfərov “Heydər Əliyevin milli təhsil strategiyası”, müəllimə Nərminə Qasımova “Heydər Əliyevin hakimiyyəti dövrlərlə” mövzusunda təqdimatla çıxış ediblər. Kafedranın dosenti Yaşar Əhmədov isə çıxışında Azərbaycanda elminin inkişafında ulu öndərin xidmətlərindən bəhs edib. Tələbələr - Babaşlı Alsu, İsmayıl Məmmədov da gənc olaraq ulu öndər haqqında fikirlərini ifadə ediblər və Azərbaycanı, onun qurucusunu hər zaman qəlblərində yaşadacaqlarını və özlərindən sonrakı gönclərə ötürəcəklərini bildiriblər.

Sonda “Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan gəncləri üçün örnəkdir” adlı inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb. Tələbələr, Gülnar Atakişizadə I, Fərizə Çingiz və Rauf Mehdiyev II, Mədinə Əlizadə, Elgün Mehdizadə və Fuad Musayev III yerin qalibi olublar.


Paylaş