×

Xəbərlər

Xəbərlər 20 May 2023
ADNSU-da XIV Məzun-Karyera sərgisində tələbə və məzunlara 1300-ə yaxın vakant iş və təcrübə yeri təklif olunub

Mayın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) XIV Məzun-Karyera Sərgisi keçirilib. Sərgidə 115 dövlət qurumu və özəl şirkət tərəfindən 1300-ə yaxın vakant iş və təcrübə yeri təklif olunub.

Məzun-Karyera sərgisinin açılış mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli, Energetika nazirinin müavini Kamal Abbasov, həmçinin dövlət və özəl qurumların əməkdaşları, mətbuat nümayəndələri, eləcə də tələbə və məzunlar iştirak ediblər. Sərgidə tələbələrdən ümumilikdə 2214 CV toplanıb. 316 nəfər yuxarı kurs tələbəsi ödənişli, ödənişsiz Yay və İlboyu təcrübəyə cəlb olunub, 16 nəfər ADNSU məzunu elə sərgi zamanı şirkət tərəfindən işə götürülüb.

Sərgidə çıxış edən rektor, professor Mustafa Babanlı iştirakçıları salamlayaraq universitetdə şirkətlərlə əlaqələrin daha geniş müstəvidə həyata keçirildiyini, son tədris ilində bu sahədə fəaliyyətin effektivliyinin artırılması istiqamətində genişmiqyaslı addımlar atıldığını, istehsalat təcrübəsinin mahiyyətcə yeni məzmun kəsb etdiyini qeyd edib. Məzun-karyera sərgilərini müəssisələrlə universitet arasında mühüm platforma kimi dəyərləndirən rektor M.Babanlı belə sərgilər vasitəsilə tələbələrin işlə təmin olunmasında və onların iş mühitinə adaptasiyasında mühüm rol oynadığını vurğulayıb.

Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli çıxış edərək ADNSU-da ənənəvi olaraq təşkil olunan məzun karyera sərgilərinin universitet-müəssisə işbirliyinə mühüm töhfə verdiyini deyib. Əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı kadrların hazırlanmasının ali təhsil müəssisələrinin başlıca fəaliyyət istiqamətlərindən olduğunu deyən M.Abbasbəyli ADNSU-nun bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.

Sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı və qonaqlar sərgidə iştirak edən qurumların stendləri ilə tanış olublar. Şirkət nümayəndələri mövcud vakansiyalar, təcrübə proqramları barədə məlumat veriblər.

Sərgi ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının, istedadlı tələbələrin ifasında rəqs və musiqi nömrələrinin sədaları altında davam edib.

Qeyd edək ki, ADNSU-da Məzun-Karyera sərgiləri ildə iki dəfə - dekabr və may aylarında olmaqla 2015-ci ildən başlayaraq keçirilir. Məzun-Karyera sərgilərinin keçirildiyi müddət ərzində tələbə və məzunlara 5000-dən artıq vakant iş və təcrübə yeri təklif olunub. Yüzlərlə məzunumuz bu sərgilər sayəsində işlə təmin olunub.


Paylaş