Mayın 18-də İvano-Frankovsk Milli Neft və Qaz Texniki Universitetinin bazasında “Qlobal dəyişikliklərə və çağırışlara uyğunlaşma: iqtisadiyyatın yeni formaları, resurs səmərəli texnologiyalar, ətraf mühitin qorunması” mövzusunda Ümumukrayna elmi-praktik konfransı keçirilib.
Milli Neft və Qaz Texniki Universitetinin Gənc Alimlər Şurası, İqtisadiyyat və İdarəetmə İnstitutunun Tətbiqi iqtisadiyyat kafedrası, Ekologiya, ətraf mühitin mühafizəsi texnologiyaları kafedrasının təşkilatçılığı ilə keçirilən konfransda Ukraynanın 24 şəhərindən olan 14-dən çox təhsil müəssisəsi, o cümlədən bir neçə ölkənin universitetləri bir araya gəlib. Onlayn formatda keçirilən konfransda həmçinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları iştirak ediblər. ADNSU-nun “Menecment” kafedranın əməkdaşı Türkan Şeydai bildirib ki, onun təşəbüsüsü ilə universitetin əməkdaşları konfransın mövzusu ilə bağlı müzakirələrdə aktiv iştirak ediblər.
ADNSU-nun “Menecment” kafedrasının müdiri, professor Qəzənfər Süleymanov “Qlobal dəyişikliklərə və çağırışlara uyğunlaşma: iqtisadiyyatın yeni formaları, resurs səmərəli texnologiyalar, ətraf mühitin qorunması" mövzusuna həsr olunmuş konfransda çıxış edərək konfransın əhəmiyyətindən danışıb. Bildirilib ki, bu konfrans bizim üçün həm də ona görə böyük əhəmiyyət kəsb edir ki, mövzu həm Ukrayna, həmdə Azərbaycan elminin və təhsilinin strateji inkişafı üçün aktual məsələyə həsr olunub. Konfrans Ukraynanın İvano-Frankovsk Milli Neft və Qaz Texniki Universiteti ilə ADNSU-nun arasında sıx elmi-əməkdaşlıq körpüsü rolunu oynayır. Konfransda ADNSU-nun “Menecment” kafedrasının əməkdaşları, Turkan Şeydai, Natavan İbrahimova, Nuranə Abdullayeva, Mehriban İmranova da çıxış ediblər, "Qlobal dəyişikliklər və çağırışlar şəraitində sosial-iqtisadi sistemlərin inkişafı" bölməsinə məqalələr təqdim ediblər.