×

Xəbərlər

Xəbərlər 23 May 2023
ADNSU-da Netcad Texnologiya Mərkəzi açılıb

Mayın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Netcad Texnologiya Mərkəzinin açılışı olub. ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Netcad Yazlım şirkətinin baş icraçı direktoru Dəniz Şenan, Türkiyənin Azərbaycandakı Səfirliyinin müşaviri Yakup Sefer, universitetin professor-müəllim heyətinin və digər qonaqların iştirak etdiyi tədbirdə öncə mərkəzin açılış lenti kəsilib.

Sonra dəyirmi masa arxasında davam edən tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı mərkəzin yaradılmasında xidməti olan hər kəsə təşəkkür edib. ADNSU-da mövcud olan müasir təhsil və tədris prosesindən danışan rektor geologiya elminin tarixindən, universitetdə geologiyanin, o cümlədən dağ-mədən geologiyasının inkişaf mərhələləri haqqında da qonaqlara məlumat verib. Yeni mərkəzin təkcə geologiya sahəsi üzrə yox, şirkətin geniş imkanlarına uyğun olaraq İT və digər sahələr üçün də uyğun olduğunu qeyd edən rektor, professor Mustafa Babanlı müəllim və tələbələrdən istəyinin mərkəzin imkanlarından maksimum faydalanmaq olduğunu vurğulayıb.

Netcad Yazlım şirkətinin baş icraçı direktoru Dəniz Şenan, Türkiyənin Azərbaycandakı Səfirliyinin müşaviri Yakup Sefer ADNSU-da olmaqdan, məhz bu təhsil müəssisəsində belə bir mərkəzin yaradılmasından məmnun olduqlarını bildiriblər. 15 ildir ki, Azərbaycanla sıx əməkdaşlıq etdiklərini xatırladan Dəniz Şenan rəhbərlik etdiyi şirkət haqqında məlumat verdikdən sonra bir çox ölkələrlə əlaqələrinin olduğunu, qardaş Azərbaycanla, o cümlədən onun öncül ali təhsil müəssisəsi olan ADNSU ilə əməkdaşlığa xüsusi önəm verdiklərini iştirakçıların diqqətinə çatdırıb. O, açılışı olan yeni mərkəzin öncə universitet, sonra isə bütün Azərbaycan üçün faydalı və dəyərli olacağına ümdivar olduğunu bildirib. 

Tədbirdə həmçinin, şirkətin bir çox istiqamətlər üzrə fəaliyyətini özündə əks etdirən video-çarx nümayiş olunub.


Paylaş