24-25 may tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Russiya Federasiyasının Sankt Peterburq Dağ-mədən Universitetinin bir qrup əməkdaşı ilə elmi əməkdaşlıq çərçivəsində görüş keçirilib.
Görüşdə ADNSU-nun elmi işləri üzrə prorektoru, professor Lətafət Qardaşova, elmi işlər üzrə prorektorun müavini t.e.d. Qəhrəman Həsənov, ADNSU-nun nəzdində fəaliyyət göstərən “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” ETİ-nin direktoru Rauf Əliyarov, universitetin professor-müəllim heyəti və Sankt Peterburq Dağ-mədən Universitetinin nümayəndələri iştirak ediblər.
Elmi işlər üzrə prorektor, professor L.Qardaşova qonaqları salamlayaraq universitetdə həyata keçirilən tədris prosesi və elmi tədqiqat işlərinin əsas istiqamətləri haqqında məlumat verib, həmçinin əldə olunan nəticələr və mövcud problemlərdən danışıb.
Sankt Peterburq Dağ-mədən Universitetinin nümayəndələri ADNSU-da aparılan tədqiqat işlərinin onların maraq dairəsinə daxil olduğunu, toxunulan problemlərin həlli istiqamətində birgə fəaliyyət proqramları çərçivəsində əməkdaşlıq etməyin məqsədəuyğun olduğunu qeyd ediblər. Yekunda birgə fəaliyyət proqramının hazırlanması istiqamətində işlərin aparılması qərara alınıb.
Qonaqlar həmçinin rektor, professor Mustafa Babanlı ilə görüşüb birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Rektor qonaqlara universitet haqqında məlumat verib, 2 gün ərzində keçirilən görüşlərdə aparılan müzakirələrin nəticələrini dəstəkləyib və birgə fəaliyyət üçün öz tövsiyələrini verib.
Sonra qonaqlar universitetin Tarix və Minerologiya muzeylərini gəziblər, Azİİ e-kitab evini ziyarət ediblər.