×

Xəbərlər

Xəbərlər 30 May 2023
ADNSU-nun nümayəndələri Qazaxıstan metrologiyasının 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda iştirak ediblər

Mayın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti - dos. Qasım Məmmədov, Rasim Abdullayev və Səbinə Əliyeva Qazaxıstana səfəri çərçivəsində Qazaxıstan Standartlar İnstitutunun Almaatı şəhərində yerləşən filialında olublar. Filialın direktoru fəaliyyətləri barədə ümumi məlumat verdikdən sonra burada 14 etalonun saxlandığını xüsusi qeyd edib. Nümayəndə heyəti 1974-cü ildə istismara verilmiş filialın  binası və laboratoriyaları ilə tanış olduqdan sonra, zaman, kütlə, uzunluq, təzyiq və s. etalonlar, eləcə də daxil olan sifarişlər və aparılan işlər barədə müfəssəl məlumat əldə ediblər.

May ayının 24-də ADNSU-nun nümayəndə heyəti Astana şəhərinə yolanaraq bir gün sonra  orada Qazaxıstan metrologiyasının 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda iştirak ediblər. Qazaxıstan dövlətinin baş nazirinin müavini, metrologiya üzrə beynəlxalq təşkilatların rəhbərləri, eləcə də çoxsaylı qonaqların iştirakı ilə baş tutmuş “Ölçmələr qlobal etimadln əsası kimi” mövzusunda plenar sessiyadan sonra 3 panel sessiyası keçirilib.

Konfrans zamanı nümayəndə heyəti Qazaxıstan Standartlar İnstitutunun direktoru Qabit Muxambetovla görüş keçirib və ADNSU adından Qazaxıstan metrologiyasının 100 illiyi münasibəti ilə hədiyyəni təqdim ediblər.  Qazaxıstan HR Assosiasiyasının rəhbəri Qulmira Raisova moderatorluq etdiyi “İnsan kapitalı: trendlər və metrologiyanın gələcəyi” adlı 2-ci panel sessiyada ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov məruzə ilə çıxış edərək ADNSU-da keyfiyyətli kadr hazırlığı sahəsində görülmüş işlər barədə ətraflı məlumat verib. Standartlaşdırma və metrologiya üzrə kadr hazırlığı sahəsində universitetdə həyata keçirilən tədbirlərə istinad etməklə verilmiş təkliflər Qazaxıstanlı mütəxəssislərdə böyük maraq yaradıb. Onlar tərəfindən verilən suallar ətraflı cavablandırılıb.


Paylaş