×

Xəbərlər

Xəbərlər 30 May 2023
Ufa Dövlət Neft Texniki Universitetində Azərbaycan auditoriyası açılıb

23-26 may tarixlərində Rusiya Federasiyasının Ufa şəhərində Rusiya Neft-Qaz Forumu keçirilib. Həm oflayn, həm də onlayn formada keçirilən Forumda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Sənaye təhlükəsizliyi və əməyin mühafizəsi” kafedrasının müdiri, professor Sakit Rəsulov universiteti təmsil edib. O cümlədən, ölkəmizdən Milli Məclisin deputatı Sabir Hacıyev, Sumqayıt Dövlət Universitetinin əməkdaşları Forumda iştirak ediblər. Azərbaycanlı nümayəndələrin faktiki iştirakından əlavə, ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov Foruma onlayn qoşularaq rektor, professor Mustafa Babanlının salamını Forum iştirakçılarına çatdırıb.

Azərbaycanın nümayəndələrinin Forum çərçivəsində Ufa şəhərinə səfərlərini əlamətdar edən mühüm bir hadisə Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə Ufa Dövlət Neft Texniki Universitetində Azərbaycan auditoriyasının açılması olub. Azərbaycan nümayəndə heyəti Ulu öndərin 100 illiyi münasibəti ilə auditoriyanın açılmasını yüksək qiymətləndiriblər və bunu iki ölkə arasında tarixi köklərə əsaslanan qarşılıqlı əməkdaşlığın, diplomatik və qardaşlığın nümunəsi kimi yüksək dəyərləndiriblər.

Forumda həmçinin, azərbaycanlı nümayəndələrin də iştirakı ilə dəyirmi masalar təşkil edilib, işgüzar görüşlər keçirilib. Görüşlərdə Neft-qaz sahəsi üzrə kadrların hazırlanması, neft-qaz sektorunda sənaye təhlükəsizliyi, neft-kimya məhsulları və xammal emalında texnoloji inkişafın yeni sahələrindən bəhs olunub.


Paylaş