Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Neft-mexanika” fakültəsinin bir qrup professor-müəllim heyəti və tələbələr Borusan Cat şirkətində olublar.
Görüşdə neft-mexanika fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov, ADNSU-nun İnzibati-Təsərrüfat işləri üzrə prorektoru, dosent Səyami Hüseynov, kafedra müdirləri dosent, Sakit Abbasov, dosent Cəmaləddin Aslanov, dekan müavini, dosent Tahir Süleymanov, Lazer Mərkəzinin direktoru t.e.d. Xudaverdi Kərimov, müxtəlif ixtisaslar üzrə təhsil alan 11 nəfər tələbə və 1 nəfər doktorant iştirak edib.
“Borusan Cat” şirkətinin nümayəndələri ADNSU nümayəndələrinə şirkətin iş prinsipi, eləcə də şirkətin ölkənin neft-qaz sənayesi bazarındakı istehsal və servis xidmətləri haqqında məlumat veriblər.
Qeyd edək ki, neft-mexanika fakültəsinin 3 nəfər tələbəsi istehsalat təcrübəsini “Borusan Cat” şirkətində keçiblər. Tələbələrin təcrübə prosesini müşahidə edən professor-müəllim heyəti şirkətdə istehsalat təcrübəsi keçən tələbələr üçün yaradılan şəraitlə də tanış olublar.
Görüşdə həmçinin, tərəflər arasında bağlanmış memorandumdan irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Şirkət tərəfindən universitetdə “Neft-mexanika” fakültəsinin ixtisaslarına uyğun laboratoriyanın qurulması məsələsi, həmçinin transfer texnologiyaları, tələbələrin istehsalat təcrübəsi və digər əməkdaşlıq əlaqələri geniş müzakirə edilib.