×

Xəbərlər

Xəbərlər 05 Jun 2023
ADNSU-da NMF-nin məzunları ilə görüş keçirilib

İyunun 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Neft-mexanika” fakültəsinin məzunları ilə görüş keçirilib.

ADNSU-nun “Neft-mexanika” fakültəsinin və rektorun Universitet-Sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri Sakit Səmədovun təşəbbüsü ilə keçirilən görüşdə fakültənin 40-dan yuxarı məzunu iştirak edib. 

Məzunlarla görüşdə NMF-nin dekanı, dosent Əli Hikmət Əhmədov universitet haqqında – tədris və təhsil prosesində olan yeniliklər, elmi nailiyyətlər barədə məzunlara geniş məlumat verib. Onlarla əməkdaşlığın hər zaman önəmli olduğunu qeyd edən dekan tədbirə qatıldıqlarına, o cümlədən doğma universitetləri ilə əməkdaşlıqda maraqlı olduqlarına görə məzunlara təşəkkür edib.

“Neft-mexanika” fakültəsinin professor-müəllim heyətinin də iştirak etdiyi görüşdə ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, rektorunun Universitet-Sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri Sakit Səmədov çıxış edərək əmək bazarında məzunlarımıza olan tələbatdan, universitetlə məzunların iş birliyindən, qarşılıqlı əməkdaşlıqdan bəhs ediblər. Çıxışlarda yeni yaradılan ortaq platforma üzərindən universitetin hər zaman məzunlarla ünsiyyətə önəm verəcəyi, onların daha da inkişafı üçün öz imkanlarını əsirgəməyəcəyi qeyd olunub.

Müxtəlif illərdən olan məzunlar doğma universitetin uğurları ilə yaxından tanış olduqdan sonra öz təkliflərini səsləndiriblər. Əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədi ilə yeni layihələrin müzakirəsində, həmçinin yeni hədəflərə birlikdə çatmaqda maraqlı olduqlarını bildiriblər və tələbələrin işlə təmin olunması və uğurlu təcrübənin təşkili üçün istənilən dəstəyə hazır olduqlarını qeyd ediblər. 


Paylaş