×

Xəbərlər

Xəbərlər 07 Jun 2023
ADNSU-da “Neft sənayesinin təxirəsalınmaz ehtiyacları” adlı kitabçanın təqdimatı keçirilib

İyunun 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Hacı Zeynalabdin Tağıyevin “Neft sənayesinin təxirəsalınmaz ehtiyacları” adlı kitabçasının təqdimatı keçirilib.

Təqdimat mərasimində çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonaqları salamlayaraq məşhur xeyriyyəçi H.Z.Tağıyev və onun Azərbaycan xalqının maariflənməsi, savadsızlığın aradan qaldırılması, milli kadrların hazırlanması istiqamətində gördüyü misilsiz xidmətlərindən söz açıb. Kitab haqqında təəsüratlarını bildirən rektor Mustafa Babanlı digər xeyriyyə işləri ilə yanaşı, ADNSU-nun binasının bir hissəsinin tikilməsində də H.Z.Tağıyevin əvəzsiz xidmətlərinin olduğunu qeyd edib. Bu nəcib insanın xatirəsinin hər zaman yaşayacağını və ona dərin hörmət əlaməti olaraq universitetdə büstünün qoyulacağını qeyd edib.

Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Yolçuyev, ADNSU-nun “Humanitar fənlər” kafedrasının müdiri, professor Camal Mustafayev, şair, publisist və kitabın tərcüməçisi Akif Əhmədgil və yazıçı, publisist Məti Osmanlı tanınmış xeyriyyəçinin nəcib əməllərindən söz açaraq Tağıyevin gələcək nəsillərə miras qoyduğu mənəvi irsindən, elm və təhsilə verdiyi dəstəkdən danışıblar. Onun neft sənayesi ilə yaxından tanış olması, neft sənayesində problemlərin öyrənilib aradan qaldırılmasında dəyərli mülahizələr irəli sürdüyü bildirilib. Rusiya Sənayesi və Ticarətinə Yardım Cəmiyyəti Bakı bölməsinin yığıncağında böyük xeyriyyəçinin bu barədə fikirlərinin yeganə yazılı mənbə olduğunu qeyd edən çıxışçılar neft sənayesində vəziyyətin kəskinləşməsi ilə bağlı məruzəni dövrünün mühüm hadisəsi kimi qiymətləndiriblər. 


Paylaş