İyunun 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.
Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev Azərbaycanda insan hüquqlarının təmin edilməsinin dövlətin qarşısında duran prioritet məsələlərdən olduğunu deyib və bu istiqamətdə universitetdə gənclərin maarifləndirilməsinin önəmindən danışıb.
ADNSU-nun baş hüquqşünası Fərrux Hüseynov ölkəmizdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu bildirib. O, əhalinin müxtəlif qruplarının hüquqi maarifləndirilməsi, onların hüquqi düşüncə və mədəniyyətinin inkişaf etdirilməsindən danışıb və hər kəsin öz hüquqlarını bilməsinin vacibliyini qeyd edib.
Sonra iştirakçıları maraqlandıran hüquqi suallar cavablandırılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan hüquqları aylığı keçirilir.