İyunun 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 15 İyun- Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycanın ərazi bütövlüyü və Vətən müharibəsində canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Sonra 15 iyun - Milli Qurtuluş Gününə və bu əlamətdar tarixin banisi Ulu öndər Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.
Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olunmuş 15 iyun - Milli Qurtuluş Gününün xalq və dövlətçiliyimiz üçün əhəmiyyətindən danışıb. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycanın müstəqil, sosial-iqtisadi inkişafa nail olmuş və bu gün bütün dünyada nüfuzlu, demokratik bir ölkə səviyyəsinə yüksəldiyini qeyd edən rektor, professor Mustafa Babanlı 2003-cü ildən Prezident İlham Əliyevin ümummilli liderin siyasi xəttini layiqincə davam etdirdiyini deyib.
AMEA Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən, Ümummilli liderin dövlətçiliyimizin məhv olması təhlükəsinin qarşısının alınması istiqamətindəki siyasi fəaliyyətindən, həmçinin dövrün siyasi proseslərindən və ümummilli lider Heydər Əliyevin bir xilaskar kimi əvəzsiz fəaliyyətindən danışıb.
Sonda ADNSU TGT-nin sədri Cavanşir Abdullayev bir gənc olaraq Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb, Ulu öndərin şərəfli ömür yolunun gələcək nəsillərə örnək olduğunu bildirib.