×

Xəbərlər

Xəbərlər 20 Jun 2023
ADNSU-da təlim keçən jurnalistlər universitetlə yaxından tanış olublar

İyunun 19-da İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının birgə təşkilatçılığı ilə jurnalistlər üçün təşkil edilən növbəti təlim-seminar Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilib.

Layihənin keçirilməsində əsas məqsəd media nümayəndələrinin İKT üzrə təhlil və analiz bacarıqlarının daha da inkişaf etdirmək, zamanın tələbinə uyğun olaraq müasir texnoloji imkanlardan faydalanma əmsalını yüksəltməkdir. 

23 media nümayəndəsinin iştirak etdiyi seminarda Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov, ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, rektorun Universitet-Sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri Sakit Səmədov konkret mövzularla çıxış ediblər.

Prorektor Ata Babayev jurnalistlər və digər iştirakçılara rektor, professor Mustafa Babanlının salamını çatdırdıqdan sonra universitet, tədris və təhsilin səviyyəsi, tədris prosesində tətbiq olunan müasir texnoloji imkanlar haqqında jurnalistlərə geniş məlumat verib. Bu gün müasir texnoloji vasitələdən səmərəli istifadədə gənclərin üzərinə çox böyük məsuliyyət düşdüyünü deyən prorektor ADNSU tələbələrinin ixtisasları ilə yanaşı, dil və həm də İT biliklərini də yüksək səviyyədə mənimsədiyini bildirib. 

Assosiasiyanın sədri Elvin Abbasov rəhbərlik etdiyi təşkilatla ADNSU arasında mövcud əməkdaşlıq əlaqələri haqqında iştirakçılara məlumat verərək istənilən uğurlu layihənin əsasında təhsilin vacib olduğunu bildirib. O, qeyd edib ki, dövlətimiz, xalqımız üçün ixtisaslı mütəxəssislər yetişdirən ADNSU ilə perspektiv layihələrin icrası da nəzərdə tutulub.  

Sonra müşavir Sakit Səmədov rəqəmsal sahibkarlıq və brendiq mövzusunda məruzə ilə çıxış edib, bu sahədə mövcud olan reallıqlar və hədəflərdən danışıb. Jurnalistlərə yeniliklər və trendlər haqqında məlumat verərək uğur qazanmağın formulundan bəhs edib. Təlimdə jurnalistlərin mövzu ilə bağlı sualları cavablandırılıb. 

Diskussiya formatında keçən təlimdən sonra qonaqlar universitetlə daha yaxından tanış olublar. Beləki, jurnalistlər ADNSU-nun məzun şəhidlərinin xatirəsinə salınmış abidə kompleksi, o cümlədən Milli Qəhrəman Mübariz İbrahimovun abidəsini ziyarət ediblər, şəhidlərin adına açılmış auditoriyalarda olublar. 

Sonra jurnalistlər Azİİ Elektron Kitab Evinə baş çəkərək orada tələbə və müəllimlərin mütaliəsi üçün yaradılmış şəraitlə yaxından taniş olublar.


Paylaş