19-20 iyun tarixlərində Türkiyədə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Zonguldak Bülent Ecevit Universiteti (ZBEU) və Tükiyə Petrolları Anonim Ortaklığının (TPAO) birgə təşkilatçılığı ilə “Enerji Seminarı” və Enerji məsələləri mövzunda konfrans keçirilib.
Konfransda rektor, professor Mustafa Babanlı təqdimatla çıxış edərək ADNSU haqqında iştirakçılara geniş məlumat verib. ADNSU-da mövcud olan təhsil və tədris prosesinin müasir zamanın tələblərinə uyğun qurulduğunu qeyd edən rektor, professor Mustafa Babanlı həm də elmi-tədqiqat sahəsində mövcud olan nailiyyətlərdən danışıb. Sonra konfransın əhəmiyyəti, konfrans mövzunun aktuallığı, keçirilmə səbəbləri haqqında danışan rektor, professor Mutafa Babanlı konfrans işinə uğurlar arzu edib.
Zonguldak valisi Mustafa Tutulmaz, TPAO-nun İdarə Heyətinin sədri və baş direktoru Melih Han Bilgin, Zonguldak Bülent Ecevit Universitetinnin rektoru, professor İsmail Hakkı Özölçer konfransda geniş məruzələrlə çıxış ediblər.
Sonra ADNSU-nun əməkdaşları - Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova, İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov, “Humanitar fənlər” kafedrasının müdiri, professor Camal Mustafayev, “Enerji istehsalı texnologiyaları” kafedrasının müdiri, dosent Şükür Nəsirov, “Elektromexanika” kafedrasının dosenti Zakir Həsənov konfransda konkret mövzularla məruzə ilə çıxış ediblər. Konfrans zamanı həmçinin, ADNSU-dan bir neçə professor-müəllim heyəti tədbirə onlayn formatda qoşularaq mövzu ilə bağlı çıxışlar ediblər.
Səfər çərçivəsində ADNSU-nun rektoru, professor Mustafa Babanlı və rəhbərlik etdiyi nümayəndə heyətinin Zonguldak Bülent Ecevit Universitetinin rektoru, professor İsmail Hakkı Özölçeri ilə görüşü olub. Görüş zamanı iki universitet arasında elmi əlaqələrin genişləndirilməsi, müəllim-tələbə mübadiləsi, perespektiv layihələr müzakirə olunub. Birlikdə əməkdaşlıqla bağlı razılıq əldə olunub.