Avqustun 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə universitetlə Agentliyin əməkdaşlıq etməsi istiqamətində perspektiv məsələlər müzakirə olunub. O cümlədən, tədris, təlim və elmi-tədqiqat sahələrində fəal əlaqələr yaratmaq və inkişaf etdirməklə bağlı fikir mübadiləsi aparılıb. Dosent Vazeh Əskərov tədris prsesi, ADNSU-nun beynəlxalq əlaqələri, ikili diplom proqramları, o cümlədən ADNSU-nun Vorvik Universiteti ilə birgə “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə ikili diplom proqramı haqqında da məlumat verib.
Görüşdə bərpa olunan enerjinin Vorvik Universiteti ilə İkili diplom çərçivəsində tədris məqsədilə ADNSU-da yaradılacaq “Renewable energy didactic laboratory” layihəsi haqqında məlumat verilib, bildirilib ki, layihənin məqsədi Azərbaycan enerji keçidi prosesinə dəstək verməkdir. Bununla bağlı hədəf ölkənin təhsil sisteminə dəstək olmaqdır (xüsusən ADNSU-da Bərpa Olunan Enerji üzrə ikili diplomlu magistr proqramının fəaliyyətinə dəstək vermək) və beləliklə də yerli əmək bazarını bərpa olunan enerji sahəsində səriştəli işçi qüvvəsi ilə təmin etməkdir.
Müzakirələr zamanı həmçinin, tələbələrə bərpa olunan enerji texnologiyaları, prinsipləri və tətbiqləri haqqında hərtərəfli anlayış təmin edilməsi, bərpa olunan enerji sistemlərinin praktiki sınaqları, dizaynı və təhlili vasitəsilə praktiki bacarıqların inkişafı, bərpa olunan enerji sahəsində tədqiqat və innovasiyaları təşviq etmək kimi vacib məsələrdən bəhs olunub, birlikdə görüləcək işlərlə bağlı konket hədəflər müəyyən olunub.
AREA-nın direktoru Cavid Abdullayev və agentliyin bir neçə əməkdaşı ADNSU-nun, o cümlədən UFAZ-ın kompüter otaqlarını və laboratoriyalarını gəzərək universitetlə daha yaxından tanış olublar.