Avqustun 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov Azərbaycan SAVATE Federasiyasının prezidenti, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, Əməkdar məşqçi, Milli Yığma komandanın Böyük Məşqçisi, Dünya və Avropa çempionu Rafiq Əliyev ilə görüşüb.
Əvvəlcə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov universitetdə görülən işlər haqqında qonağa ətraflı məlumat verib. Görüşdə həmçinin “Heydər Əliyev ili” çərçivəsində yeni tədris ilində gənclərin maarifləndirilməsi, bədən tərbiyəsi və idmana təşviq olunması, eləcə də idman turnirlərinin və bu istiqamətdə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.
Sonra dosent Vazeh Əskərova Heydər Əliyev ili çərçivəsində Federasiya tərəfindən hazırlanan “Heydər Əliyev imzası” döş nişanı və Federasiyanın yeni vitse-prezident kartı təqdim edilib.
Qeyd edək ki, ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov 2019-cu ildən Azərbaycan SAVATE Federasiyasının vitse-prezidentlərindən biridir.
Xatırladaq ki, SAVATE (fransızca Savate; digər adları: boxe française, fransız boksu, fransız kikboksu və fransız ayaq döyüşü) - həm əl, həm də ayaqları bərabər istifadə edən, qərb boks elementləri və ayaq zərbələrini birləşdirən Fransız döyüş sənətidir.