×

Xəbərlər

Xəbərlər 15 Sep 2023
ADNSU-nun rektor əvəzi ilk dərs günü dərslərin gedişatı ilə tanış olub

Sentyabrın 15-də  2023/2024-cü tədris ilinin ilk dərs günündə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov auditoriyalara baş çəkərək dərslərin gedişatı ilə tanış olub, yeni tədris ilində tələbələrə müvəffəqiyyətlər arzulayıb. O, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda həlak olmuş ADNSU-nun 23 məzun şəhidinin adını daşıyan auditoriyalarda tədris keçən tələbələrə dərslərə məsuliyyətlə yanaşmağı və çalışqan olmağı tövsiyə edib. Dosent V.Əskərov tələbələrin bunu Azərbaycanın qüdrətinin daha da artması və şəhidlərin ruhunun şad olması naminə etməli olduqlarını vurğulayb.

Sonra ADNSU-nun rektor əvəzi, dosent V.Əskərov və prorektorlar Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin yerləşdiyi mərtəbədəki auditoriyalarda olublar. Dosent V.Əskərov 15 sentyabr 1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməsinin 105 illiyi ilə bağlı tələbələri məlumatlandırıb. Bir əsr əvvəl olduğu kimi, indi də Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyətinin birliyinin əhəmiyyətini gənclərə çatdırıb. Ulu öndər Heydər Əliyevin “Bir millət-iki dövlət” şüarı üzərində qurulan qardaşlıq münasibətlərinin Azərbaycan Respublikasının prezidenti, Müzəffər Ali Baş komandan İlham Əliyevin dövründə keyfiyyətcə tam yeni müstəviyə keçməsinin torpaqlarımızın azad edilməsinə mühüm töhfə verdiyini vurğulayıb. Hazırda insan kapitalının formalaşmasının müstəsna əhəmiyyət daşıdığını qeyd edən dosent V.Əskərov tələbələrə tədris prosesində uğurlar arzulayıb, onlara tövsiyələrini verib.


Paylaş