Sentyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 27 sentyabr Anım gününün 3-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda qərəmancasına şəhid olmuş oğullarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev iştirakçıları salamlayaraq 27 sentyabr təqviminin Azərbaycan tarixində mühüm yer tutduğunu deyib.
ARGTMŞ-ın baş katibi Ramin Həbibzadə və sədri Azər Əliyev Anım gününün tarixi əhəmiyyətindən söz açıb, gənclərlə milli təşkilatlar arasında həmrəyliyin yaradılması istiqamətində görülən işlərdən danışıblar.
Tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçıları keçdikləri döyüş yollarından danışaraq öz təəssüratlarını iştirakçılarla bölüşüblər.
Sonra Millət vəkili Naqif Həmzəyev Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücünü və qüdrətini bütün dünyaya bir daha sübut etdiyini deyib. Tarixi qələbəmizdə xalqın birliyindən və gənclərimizin şücaətindən danışıb.