Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru v.m.i.e.,dosent Vazeh Əskərov, universitetin professor-müəllim və bir qrup tələbəsi Zəfər parkında olublar.
Parkın girişindəki xatirə daşının önünə gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması nəzərdə tutulur.
8 Noyabr prospektində inşa olunan Zəfər parkı doqquz hektardan çox ərazini əhatə edəcək. Əraziyə girişdə 44 tağ elementindən istifadə edilib. Tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını tərənnüm edəcək. Giriş portalındakı tağın hündürlüyü 44, eni isə 22 metr olacaq. Tağın üzərində Vətən müharibəsi qəhrəmanlarının adları həkk ediləcək. Tağın üst hissəsindəki ağac elementi böyüyən Azərbaycan, pöhrələnmə, firavanlıq, yeni həyata və Qələbəyə aparan simvolik yol təsəvvürü yaradacaq.