×

Xəbərlər

Xəbərlər 27 Sep 2023
ADNSU-da 2023-2024-cü tədris ilində Elmi Şuranın ilk iclası keçirilib

Sentyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2023-2024-cü tədris ilində Elmi Şuranın ilk iclası keçirilib. Öncə 27 sentyabr- Anım Günü ilə əlaqədar Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov iclasın gündəliyində olan məsələləri şura üzvlərinə elan edib və gündəlik təsdiq olunub. Məsələlərin müzakirəsinə keçməzdən əvvəl dosent Vazeh Əskərov ənənəvi olaraq yubiley yaşı olan universitet əməkdaşlarını – ADNSU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Məzahir Babayev, “Kompüter mühəndisliyi” kafedrasının müdiri, dosent Nazilə Rəhimova, “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” kafedrasının müdiri, dosent Zərifə Əfəndiyeva və “Neft-qaz mühəndisliyi” kafedrasının müdiri, dosent Şahin İsmayılovu yubiley yaşları münasibəti ilə təbrik edib, onlara möhkəm cansağlığı, fəaliyyətlərində uğurlar arzu edib.
Elmi Şuranın iclasında dosent Vazeh Əskərov yeni tədris ilinin başlanması münasibəti ilə şura üzvlərini, o cümlədən universitetin bütün kollektivini təbrik edib. Sonra o, iclasın gündəliyinə uyğun olaraq 2022-2023-cü tədris ilinin yekunları, 2023-2024-cü tədris ilində qarşıya qoyulan məsələlər, görüləcək işlər, yeniliklər və konkret hədəflər haqqında ətraflı məlumat verib. 
Yeni tədris ilində kollektiv qarşısında duran vəzifələr, 2023-cü ildə ADNSU-ya bakalavriat və magistratura  təhsil səviyyələri üzrə (o cümlədən, UFAZ üzrə və kollecdə) tələbə qəbulunun yekunu və 2022-2023-cü tədris ilində bakalavr buraxılışı üzrə Dövlət Attestasiyasının nəticələri və magistrlik dissertasiyalarının müdafiələri haqqında Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov məruzə ilə çıxış edib. 
ADNSU-nun elmi nailiyyətləri və bu istiqamətdə görüləcək işlərlə bağlı Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova, ADNSU-nun şəhid məzunlarına göstərlən diqqət və qayğı, bununla bağlı universitetdə yaradılan komissiyanın fəaliyyəti haqqında Tərbiyə işləri üzrə prorektor, dosent Ata Babayev hesabat məruzəsi ilə çıxış edib.
ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərovun sədirliyi ilə davam edən iclasda gündəlikdə olan digər məsələlər müzakirə olunaraq səsverməyə qoyulub, yekdil qərarlar qəbul olunub.  Şura üzvləri də öz növbəsində müzakirə olunan məslələrlə bağlı təkliflərlə çıxış ediblər.
Sonda dosent Vazeh Əskərov ADNSU-da təhsil və tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi nailiyyətlərin inkişafı, həmçinin müasir çağrışlara uyğun yeniliklərin operativ olaraq tədrisə tətbiq olunması istiqamətində təklif və göstərişlərini verib, yeni tədris ilində hər kəsə uğurlar arzu edib.


Paylaş