Başqırdıstanın UfА Dövlət Neft -Texniki Universitetinin professoru Ramil N. Baxtizin və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərovla görüşüblər.
Universitetlə yaxından tanış olan qonaqlar akademik Azad Mirzəcanzadənin vaxtı ilə çalışdığı iş otağında olublar. Dosent Vazeh Əskərovla akademik haqqında xatirələrini bölüşüblər və onun əvəzsiz xidmətlərindən, elmin və neft sənayesinin inkişafına verdiyi töhfələrdən danışıblar.
Qeyd edək ki, sentyabrın 29-da Akademik Azad Mirzəcanzadənin 95 illiyinə həsr olunmuş “Neft-qaz çıxarmada innovasiya texnologiyaları” adlı Beynəlxalq Elmi-Təcrübi Konfrans keçirilib. Konfrans çərçivəsində Qazaxıstandan, Rusiyadan, o cümlədən Başqırdıstandan konfransa qatılmaq üçün ölkəmizə çoxlu sayda neftçi-geoloq alimlər gəlib. Onlar konfransdan sonra ADNSU-ya müraciət edərək rektorla görüşmək və akademik Azad Mirzəcanzadənin iş otağını, həmçinin universiteti ziyarət etmək istədiklərini bildirmişdilər.