Oktyabrın 19-da Nizami Kino Mərkəzində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin şəhid məzunu Cavid Həsənova həsr edilmiş “Yuxumdakı şəhid” sənədli filminin təqdimatı keçirilib.
Tədbirdə hökumət və ictimaiyyət nümayəndələri, Milli Məclisin deputatları, şəhid ailələri, qazilər, iş adamları, müəllim və tələbələr iştirak ediblər.
Tədbirdə Azərbaycanın Dövlət Himnini səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi, dosent, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Vazeh Əsgərov, Xəzər Universitetinin rektoru, dosent İradə Xəlilova rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolundan, əsgər və zabitlərimizin rəşadətindən bəhs ediblər.
Ordumuzun son antiterror tədbirlərinə toxunan natiqlər oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd rayonlarında Azərbaycan Bayrağı ucaltmasını bütün dünya azərbaycanlılarının sevinclə qarşıladığını diqqətə çatdırıblar.
Sənədli filmin təqdimatının məhz Vətən müharibəsinin üçüncü ildönümü günlərinə təsadüf etməsini yüksək qiymətləndirən çıxışçılar bununla Cavid Həsənovun timsalında bütün şəhidlərin xatirəsinin yad olunduğunu bildiriblər, qəhrəman oğulların şərəfli həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışıblar.
Sonra Şəhidin anası Mirvari Həsənova şəhid anası olmaqdan qürur duyduğunu və Cavid kimi bütün şəhidlərimizin xalqımızın qəlbində və tariximizdə əbədi yaşayacağına əmin olduğunu deyib və filmin ərsəyə gəlməsində dəstəyi olanlara minnətdarlığını bildirib.
Tədbirin təşkilatçısı “Biz bir ailəyik” Əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin sədri Günay Ağazadə film haqında iştirakçılara məlumat verib.
Sonda bəddi hissə və “Yuxumdakı şəhid” sənədli filmi nümayiş etdirilib.