×

Xəbərlər

Xəbərlər 23 Dec 2024
ADNSU-da "Vətəndaş A" Serialının heyəti ilə görüş keçirilib

Dekabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı və Kimya texnologiya fakültəsinin təşəbbüsü ilə "Vətəndaş A" Serialının heyəti ilə görüş keçirilib.

Görüşdə açılış nitqi ilə çıxış edən ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Namiq Gəncəyev qonaqları salamlayaraq  tələbələrin asudə vaxtlarının səmərəli təşkili  üçün belə görüşlərin keçirilməsinin gənclər üçün əhəmiyyətindən danışıb. Bu tip görüşlərin gənclərin dünyagörüşünün artırılmasında, həmçinin mədəni və yaradıcı sahələrə maraqlarının genişləndirilməsindəki rolunu qeyd edib. 

Sonra serialın prodüseri Sevinc Əliyeva çıxış edərək serial və pyes haqqında məlumat verib. Cəfər Cabbarlının "Almaz" pyesinin motivləri əsasında çəkilən serialın sosial ədalət, cəmiyyətdə qadın hüquqları, vətəndaşlıq mövqeyi kimi mövzuları müasir prizmadan təqdim etdiyini bildirib.

Sonra tələbələrin suallarına əsasən serialın çəkiliş prosesi, aktyorların improvizələri, filmdəki yadda qalan məqamların müzakirəsi aparılıb. 

Görüşün sonunda ADNSU THİK tərəfindən filmin heyətinə təşəkkürnamə təqdim edilib. 


Paylaş