×

Xəbərlər

Xəbərlər 22 Feb 2019
ADNSU-nun rektoru Yuqorsk Dövlət Universitetində olub

Fərman Salmanov adına I Beynəlxalq akademik neft konqresində iştirak etmək məqsədilə Rusiyanın Xantı-Mansi Muxtar Dairəsində səfərdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Yuqorsk Dövlət Universitetində (YDU) görüş keçirib.

Yuqorsk Dövlət Universitetinin prorektorları, institut rəhbərlərinin və aparıcı alimlərin iştirak etdiyi görüşdə YDU-nun rektoru Tatyana Karminskaya rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verib. Sonra YDU-nun institut rəhbərləri əsas tədqiqat sahələri üzrə qısa təqdimatlarla çıxış ediblər.

Tədbir iştirakçılarına Azərbaycandakı təhsil sistemi haqqında məlumat verən ADNSU-nun rektoru M.Babanlı ölkəmizdə ali məktəblərə qəbul imtahanlarının mərkəzləşdirilmiş şəkildə keçirildiyini qeyd edib. 2018/2019-cu tədris ili üçün qəbul imtahanlarında 2312 nəfər gəncin 500-dən artıq bal topladığını söyləyən rektor, onlardan 1082 nəfərinin ADNSU-nu seçdiyini vurğulayıb. Hazırda ADNSU-da 12500 nəfər tələbənin təhsil aldığını deyən rektor M.Babanlı onlardan 10000-dən çoxunun bakalavr pilləsində və əyani oxuduğunu bildirib.

Rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verən YDU-nun rektoru Tatyana Karminskaya regionda sənaye üçün peşəkar mütəxəssislərin bu universitetdə yetişdirildiyini qeyd edib. Görüşdə iki ali məktəb arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Sonra görüş iştirakçıları YDU-nun elmi laboratoriyaları və mərkəzlərinə baş çəkərək burada yaradılan şəraitlə tanış olublar.


Paylaş