×

Xəbərlər

Xəbərlər 01 Mar 2019
“Eazi START” və Youth Inc. arasında memorandum imzalanıb

Fevralın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “New Generation” layihəsi çərçivəsində tədbir keçirilib.

Tədbirdə açılış mərasimində çıxış edən Azərbaycan-Fransız Universitetinin direktoru dos. Vazeh Əskərov tədbir iştirakçılarını salamlayaraq, UFAZ haqqında məlumat verib, buradakı tədris imkanlarından bəhs edib.

“Youth Inc.” Sahibkarlıq Proqramının kordinatoru Zaur Ünsizadə “Yeni Nəsil” layihəsi, mərhələləri yaxın müddətdə fəaliyyətə başlayacaq mentorinq mərhələsi haqqında məlumat verərək, imzalanacaq memorandumun uzunmüddətli planlaşdırılan əməkdaşlıq üçün uğurlu olmasını arzulayıb.

Daha sonra ADNSU-nun “Eazi START” Startap və İnnovasiya Mərkəzi ilə “Youth Inc.” Sahibkarlıq Proqramı arasında qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq memorandumu imzalanıb. İmzalanan memorandum “New Generation” layihəsi çərçivəsində hər iki mərkəzdə fəaliyyət göstərən startap komandalarının tədris və praktiki metodikalarının qarşılıqlı mübadiləsi və inkişafı üçün nəzərdə tutulub.

Tədbirdə Azərbaycan-Fransız Universiteti “New Generation” layihəsi çərçivəsində göstərdikləri dəstəyə görə təşəkkürnamə ilə təltif edilib. Tədbirin ikinci hissəsində 200-dən çox gənc, təlimçi Səbinə Rəhimova tərəfindən keçirilən “İdeya Generasiyası” təlimində iştirak edib.

Qeyd edək ki, “Youth Inc.” Sahibkarlıq Proqramı 2012-ci ildən fəaliyyətə başlayaraq, 2015-ci ildən Biznes İnkubasiya Mərkəzi ilə xidmət göstərir. Fəaliyyəti dövründə “Youth Inc.” tərəfindən 16 startap fəaliyyətə başlamış, 34 biznesə dəstək göstərilmiş, 200-dən çox iş imkanı yaradılmış və ümumilikdə 8000-dən çox gənc əhatə edilmişdir. “New Generation” layihəsi “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində “Coca-Cola Foundation”-un dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə 2018-ci ildə həyata keçirilməyə başlayaraq ölkə miqyasında 4 iqtisadi regionu əhatə edir. Layihənin əsas məqsədi ölkə ərazisində gəncləri sahibkarlığa cəlb həvəsəndirmək və mövcüd biznes ideyaları daha da inkişaf etdirərək startap ekosisteminə qoşmaqdır. 1 il davam edəcək “New Generation” layihəsi Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi regionlarında icra olunur. Layihəyə qoşulan gənc sahibkarlar ümumilikdə 4 mərhələdən keçəcək.


Paylaş