Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə “Bakı Modern Məktəbi” arasında əməkdaşlığın yeni mərhələsi davam edir. Martın 5-də “Bakı Modern Məktəbi”nin rus bölməsinin yuxarı sinif şagirdləri ADNSU-da növbəti dəfə ekskursiyada olublar.
Şagirdlər əvvəlcə ADNSU-nun tarix muzeyində olub, neft tarixinə və universitetə aid eksponatlarla tanış olublar. ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev şagirdlərə rektor, professor Mustafa Babanlının salamını çatdırıb, universitetin tarixi, müxtəlif dövrlərdə fəaliyyəti, fəxri məzunları və s. haqqında ətraflı məlumat verib.
Daha sonra şagirdlər universitetin Mineralogiya Muzeyini, “Azİİ Elektron Kitab Evi”, həmçinin kimya laboratoriyasını ziyarət ediblər. Şagirdlər həmçinin Kimya-texnologiya fakültəsinin (KTF) professoru M.Ağahüseynovanın apardığı mühazirədə iştirak ediblər.