Martın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetin doktorantura səviyyəsində təhsil alan tələbələr və onların dissertasiya rəhbərləri ilə görüşüb.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun Doktorantura şöbəsinin müdiri, texnika elmləri doktoru, professor Lətafət Qardaşova iştirakçıları salamlayaraq cari tədris ilində universitetin doktorantura səviyyəsinə qəbulun statistikası barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Doktorantlarla görüşdən fəxr hissi keçirdiyini deyən rektor, professor M.Babanlı ADNSU-da doktorantura səviyyəsinə böyük diqqət ayrıldığını deyib. Yeni texnologiyalar və innovativ metodların tədrisdə tətbiqinin əhəmiyyətini qeyd edən rektor M.Babanlı bu məsələdə də doktorantların üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Rektor M.Babanlı daha sonra dissertasiya mövzularının vaxtında hazırlanması, eyni zamanda qurğuların işlənib hazırlanması, İELTS və TOEFL üzrə doktorantların nəticələrinin olmasının vacibliyi məsələlərinə də toxunub.
Daha sonra fakültələr üzrə yüksək nəticə göstərən doktorantlara doktorantura üzrə tələbə biletləri təqdim edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.