Aprelin 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və Azərbaycan-Fransız Universitetinin (UFAZ) idarə heyəti ALP SA konsaltinq şirkətinin qurucusu və icraçı direktoru Anne Lauvergeon və Fransanın Suez şirkətinin Beynəlxalq inkişaf üzrə direktoru, su və tullantı sektorunda qlobal ekspert Eric Ghebali ilə görüşüb.
UFAZ-ın əsas binasını gəzdikdən sonra qonaqlara Fransa ilə Azərbaycan arasında Ali təhsil sahəsindəki güclü və tarixi əlaqələr haqqında danışan rektor Mustafa Babanlı Azərbaycanın ilk elmlər doktorunun 19-cu əsrin sonunda Strasburq Universitetindən məzun olduğunu bildirib.
Qonaqlara ADNSU və UFAZ-ın Fransa ilə daha sıx əməkdaşlıq yollarından bəhs edən M.Babanlı bu əməkdaşlığın ən vacib hissəsi kimi tələbələrin kreativ ideyalarını həyata keçirdiyi startap layihələrin olduğunu vurğulayıb.
Yekunda 2017-ci ildə Strasburq Universitetinin Kimya Tədqiqat Fondunun (KTF) nəzdində yaradılmış UFAZ Fondu haqqında qonaqlara qısa məlumat verən rektor bu Fond vasitəsilə istənilən şirkətin UFAZ-ın elmi inkişafına dəstək ola biləcəyini qeyd edib.
Fizika sahəsində mütəxəssisləşmiş Anne Lauvergeon Parisdə yerləşən bir sıra zəngin və nüfuzlu məktəb və qurumlar ilə aktual əlaqələrindən danışıb. Buna misal olaraq Nantes şəhərində yerləşən Fransa Mədəniyyət Məktəbi və Paris Sciences Lettres (PSL) şəbəkəsi ilə əməkdaşlıqlarından bəhs edən xanım Lauvergeon gələcəkdə bu cür nüfuzlu məktəblər ilə ADNSU və UFAZ arasında əməkdaşlığa dəstək olmaqdan şad olacağını bildirib.
Qeyd edək ki, Anne Lauvergeon bir çox beynəlxalq şirkətin icra heyətinin üzvüdür və Fransanın startap layihələrinin inkişafında çox fəal iştirak edir. O, 2013-cü ildə Fransa Respublikasının prezidenti tərəfindən 2030 İnnovasiya Komissiyasının sədri təyin olunub. Bu təşkilat Fransa iqtisadiyyatı üçün əhəmiyyətli təsiri olan yeni layihələrin və həm fransız, həm də xarici sahibkarların böyüməsinə dəstək vermək üçün Ümumdünya İnnovasiya Çağırışı vasitəsilə fəaliyyətə başlayıb.