Aprelin 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Təbiəti könüllü qoruyaq” adlı könüllülər qrupunun təqdimatı çərçivəsində tədbir keçirilib.
Tədbirdə ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, ETSN-nin müavini Firdovsi Əliyev, həmçinin nazirliyin nümayəndələri və tələbələr iştirak edib.
Dosent Ata Babayev tədbirin tələbələr üçün əhəmiyyətini qeyd edib və onları bu cür layihələrdə fəal iştirak etməyə çağırıb.
Nazir müavini Firdovsi Əliyev layihənin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”na və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışına əsaslanaraq keçirildiyini qeyd edib. Tələbələri “Təbiəti könüllü qoruyaq” adlı könüllülər qrupuna qoşulmağa dəvət edən Firdovsi Əliyev bildirib ki, könüllülük fəaliyyətinə qoşulan gənclər ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində təbliğat və maarifləndirmə işləri aparacaq, əmək vərdişləri aşılayan təlimlərdə iştirak edəcəklər. O qeyd edib ki, seçilmiş namizədlərdən gələcəkdə Nazirliyin kadr heyətinin formalaşdırılması nəzərdə tutulur ki, bu da tələbələrə iş həyatına uğurlu bir keçid fürsəti yaradacaq.
Nazirliyin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova tələbələrə könüllülük fəaliyyətində iştirak qaydalarını izah edib. Bildirilib ki, proqrama seçilənlərə xüsusi sertifikatlar veriləcək.
Sonra tələbələrin sualları cavablandırılıb.