Aprelin 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SOCAR Polymer MMC-nin Keyfiyyətin Təminatı, Keyfiyyətə Nəzarət Departamentinin Elektrik və Nəzarət-ölçü Cihazları üzrə müfəttişi Heybət Muradov SABAH qrupları tələbələrinə təlim keçib. Təlim 12 mart tarixində keçirilən “From studentship to business” (Tələbəlikdən iş həyatına) təqdimatının davamı olaraq keçirilib.
Təlimin məqsədi Energetika fakültəsində təhsil alan tələbələrə universitet biliklərinin nə qədər vacib olmasını göstərmək, məzun olduqdan sonra bu bilikləri inkişaf etdirərək karyera qurmaq imkanları barədə məlumat vermək məqsədi daşıyır.
Energetika fakültəsinin dekanı, dosent Zakir Həsənovun iştirakı ilə keçirilən təlimdə tələbələrə zavodlarda tətbiq olunan torpaqlama sistemləri haqqında detallı məlumat verilib. Həmçinin partlayış təhlükəli zonalarda quraşdırılan elektrik və nəzarət-ölçü cihazlarının da hansı standartlara uyğun seçilməsi haqqında qısa danışılıb.
Sonda tələbələrin sualları cavablandırılıb.