×

Xəbərlər

Xəbərlər 03 Jun 2019
ADNSU-da “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi” keçirilib

Mayın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Bakı şəhərinin orta məktəblərinin şagirdləri arasında “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi” keçirilib.

Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin və ADNSU-nun təşkilatçılığı ilə keçirilən müsabiqənin açılış mərasimində ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Kimya-texnologiya fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova,  Kimya və qeyri-üzvi maddələrin texnologiyası kafedrasının müdiri, professor Yunis Qəhrəmanlı, Təhsil Nazirliyinin nümayəndəsi, həmçinin orta məktəblərin kimya müəllimləri və şagirdlər iştirak edirdilər.

Müsabiqənin açılışında çıxış edən ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev öncə gənclərin elmə, təhsilə gündən-günə artan marağından, müəllim-şagird münasibətlərindən söz açdı. Bildirdi ki, şagird və tələbələrin seçdiyi ixtisasları zamanında və keyfiyyətli mənsimsəməsində, onlara düzgün istiqamət göstərilməsində və müsbət nəticələr əldə olunmasında şagird-müəllim birliyi əvəzsizdir. Ölkədə gedən sosial-iqtisadi inkişafla yanaşı, təhsilin keyfiyyətinin daim yüksəldiyini deyən dosent A.Babayev Prezident İlham Əliyevin şəxsən gənclərə, onların sağlam və savadlı bir vətəndaş kimi formalaşmasına hər zaman diqqət etdiyini vurğuladı.

Sonra Kimya-texnologiya fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova,  Kimya və qeyri-üzvi maddələrin texnologiyası kafedrasının müdiri, professor Yunis Qəhrəmanlı çıxış edərək Azərbaycan Dövlət Neft və Sənaye Universitetin çoxillik zəngin raixinə nəzər saldılar. Bildirildi ki, bu təhsil ocağında hər zaman yüksək səviyyəli kadrlar yetişdirilib. Hazırda isə universitetdə bütün fakültələr, eyni zamanda kimya ixtisası üzrə peşəkar müəllimlər tərəfindən müasir çağrışlara uyğun tədris prosesi həyata keçirilir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2017-ci il məzunu,  kimya sahəsində kifayət qədər uğurlar əldə etmiş Elnur Cəbrayılzadə isə bütün uğurlarının ADNSU-dan başladığını və bu təhsil ocağının məzunu olduğu üçün hər zaman qürur duyduğunu dedi. O, çıxış zamanı gənc kimyaçıları yüksək səviyyəli Ali təhsil almağa, uğurlu  gəlcəyə hazırda qonağı olduqları Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən başlamağa dəvət etdi.

Tədbirin rəsmi hissəsindən sonra ADNSU Yusif Məmmədəliyev adına muzeydə məktəblilər üçün yaradılan şəffaf mühitdə müsabiqəyə start verildi. 90 dəqiqə ərzində məktəbli kimyaçılar test tapşırıqlarını cavablandırdılar. Təyin olunmuş vaxt bitdikdən sonra nəticələr ADNSU və orta məktəb müəllimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildi. Tapşırıqları ən yüksək səviyyədə yerinə yetirən 3 şagird - I, II və III yerin sahibləri Təhsil Nazirliyinin Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomu ilə mükafatlandırıldı.  Bir neçə şagirdə isə həvəsləndirici mükafat verildi.


Paylaş