×

Xəbərlər

Xəbərlər 01 Jul 2019
ADNSU-da texnoloji yeniliklərə həsr olunan Beynəlxalq konfrans keçirilir

İyulun 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Modern İnformasiya, Ölçmə və Nəzarət Sistemlərinin Problemləri və Perspektivləri” mövzusunda ilk Beynəlxalq Elmi-Praktiki konfrans öz işini başlayıb.

Konfransda ADNSU-nun rektoru, professor Mustafa Babanlı, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru İsmayıl İsmayılov, texnika elmləri doktoru, akademik Telman Əliyev, Avropa Elmlər Akademiyasının üzvü, professor Kərim Allahverdiyev, ADNSU-nun Cihazqayırma kafedrasının müdiri,  texnika elmləri doktoru Lalə Bəkirova, “Ömür” kilinikasının müdiri Gülnarə Məmmədova, Fransanın Franche-Comte Universitinin nümayəndəsi İsabella Lajoie, eyni zamanda Portuqaliyadan, Almaniyadan, Ukraynadan və digər ölkələrdən qonaqlar, universitetin professor-müəllim heyəti, media nümayəndələri iştirak edirdilər.

Dövlət himninin səslənməsi ilə start götürən konfransda çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonaqları salamlayaraq müasir dövrdə informasiya texnologiyalarının yaratdığı imkanlardan danışdı. Bildirdi ki, belə konfransalar elmi nailiyyətlərin müzakirəsi, müasir çağırışlarla bağlı fikir mübadilələrinin aparılması baxımından son dərəcə əhəmiyyətlidir. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə digər elmi istiqamətlərlə yanaşı, informasiya texnologiyaları sahəsində də kifayət qədər uğur əldə etmiş təhsil ocağıdır və bu gün belə bir konfransın burada keçirilməsi təsadüfü deyildir...

ADNSU-nun Cihazqayırma kafedrasının müdiri, texnika elmləri doktoru Lalə Bəkirova məruzə ilə çıxış edərək konfrans haqqında məlumat verdi. Qeyd etdi ki, müzakirə üçün konfransa 300-ə yaxın məqalə təqdim olunub, onların böyük əksəriyyəti məqbul hesab olunub. Konfrans kiçik fasilələrlə 6 seksiyada davam edəcək.

Konfrans çərçivəsində AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru İsmayıl İsmayılov, texnika elmləri doktoru, akademik Telman Əliyev, Avropa Elmlər Akademiyasının üzvü, professor Kərim Allahverdiyev, Franche-Comte Universitetinin nümayəndələri - İsabella Lajoie, Elmar Yusifli və digər qonaqlar çıxış etdilər. Bildirildi ki, belə bir konfransın keçirilməsi elm aləmi üçün ciddi hadisədir və burada son dövrlərin ən aktual mövzularından olan informasiya və avtomatlaşdırma texnologiyaları, ölçmə, nəzarət sistemləri və bu istiqamətdə digər vacib məsələlər müzakirə olunur. Tədbir zamanı elmi nailiyyətlərin, həlli vacib olan məsələlərin müzakirəyə çıxarılmasının müsbət nəticələr verəcəyi vurğulandı. Xarici ölkələri təmsil edən qonaqlar da çıxış zamanı Azərbaycanda, ADNSU-da olmalarından, aktual bir elmi müzakirədə iştirakdan məmnun olduğunu bildirdilər.

İki gün davam edəcək konfrans öz işini seksiyalar üzrə davam etdirir.


Paylaş