×

Xəbərlər

Xəbərlər 02 Jul 2019
ADNSU-da “İsrail – Azərbaycan Hi-tech Tədris Mərkəzi”nin Məsləhət Komitəsinin ilk iclası keçirilib

İyulun 2-də Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İsrail – Azərbaycan Ticarət və Sənaye Palatası ilə birlikdə “İsrail – Azərbaycan Hi-tech Tədris Mərkəzi”nin Məsləhət Komitəsinin ilk iclası keçirilib.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, İsrailin "John Bryce Training" İT Tədris Mərkəzinin təsisçisi Eran Lasser, İsrail-Azərbaycan Ticarət Palatasının prezidenti Aleks Kaplun, həmçinin Azərbaycanın aparıcı dövlət qurumları və müəssisələrinin rəhbər və nümayəndə heyəti, eləcə də universitetin professor-müəllim heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan İsrail-Azərbaycan Ticarət Palatasının prezidenti A.  Kaplun “İsrail – Azərbaycan Hi-tech Tədris Mərkəzi”nin yaradılmasını şərtləndirən amillərdən danışıb və mərkəzin İsrailin İT və yüksək texnologiyalarla bağlı təcrübəsi əsasında fəaliyyət göstərəcəyini qeyd edib.

"John Bryce Training" İT Tədris Mərkəzi ilə birgə təşkil olunan İT kursları haqqında tədbir iştirakçılarına məlumat verən ADNSU-nun rektoru, professor M.Babanlı İT sahəsində təhsil alan tələbələrin müasir əmək bazarının real tələblərinə tam şəkildə cavab vermədiyini qeyd edib. ADNSU-nun İT sahəsindəki yenilikləri daim izlədiyini və gündən-günə dəyişən yüksək texnologiyalarla işləmə bacarığına malik kadrlar hazırlamağı hədəflədiyini deyən rektor, professor M.Babanlı Tədris Mərkəzinin şirkətlərin ehtiyacı olan sahələrdə tələb olunan kadrların hazırlığını təmin etmək məqsədilə yaradıldığını deyib.

Tədbirdə çıxış edən "John Bryce Training" İT Tədris Mərkəzinin təsisçisi, E.Lasser Tədris Mərkəzində təşkil olunacaq İT kursları haqqında geniş təqdimatla çıxış edib. Bir sıra ölkələrdə tədris mərkəzlərinin yaradılması təcrübəsinə malik olduğunu deyən E.Lasser Azərbaycanda ilk dəfə ADNSU ilə belə bir Tədris mərkəzinin yaradılmasının əhəmiyyətinə toxunub. E.Lasser İsrail – Azərbaycan Hi-tech Tədris Mərkəzinin gələcək faəliyyət mexanizmi və metodikası haqqında geniş məlumat verib və İT sahəsində özünü inkişaf etdirmək istəyənləri bu komandaya qoşulmağa dəvət edib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, İsrail – Azərbaycan Hi-tech Tədris Mərkəzi Azərbaycanda yüksək səviyyəli təlimlərə olan tələbatın ödənilməsi və yüksək texnologiyaların inkişafının dəstəklənməsinə xidmət etmək məqsədilə yaradılıb. Oktyabr ayında start götürəcək 10 aylıq kurslarda ilkin mərhələdə 90 nəfər tələbənin qəbulu planlaşdırılır. Dərslər əsasən ADNSU-nun İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin (İTİF) 3-cü kurs tələbələri üçün nəzərdə tutulub və İsrailli mentorlar tərəfindən keçiriləcək. Daha sonra isə Tədris Mərkəzi geniş ictimaiyyətə təqdim olunacaq.  

 


Paylaş