İyulun 10-da Fransa Şirkətləri Birliyinin (MEDEF) sədri cənab Geoffroy Roux de Bezieuxin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) rəsmi səfəri çərçivəsində görüş keçirilib.
Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez, UFAZ-ın direktoru, dosent Vazeh Əskərov, Strasburq Universitetinin kimya fakültəsinin direktoru Jean-Marc Planeix, Azərbaycan və Gürcüstanda “Schlumberger” şirkətinin baş meneceri Aydın Kərimov, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının İdarə heyətinin sədri Teybə Quliyeva həmçinin tələbələr və media nümayəndələri iştirak edib.
Tədbiri giriş nitqi ilə açan UFAZ-ın direktoru, dosent Vazeh Əskərov qonaqları salamladıqdan sonra UFAZ-ın baş katibi Şarlotta Payen görüşün məqsədi və əhəmiyyətindən danışıb.
Sonra Alstom və Schlumberger şirkətləri ilə UFAZ, eləcə də MEDEF və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası arasında rəsmi Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasiminin sonunda MEDEF-ın prezidenti cənab Geoffroy Roux de Bezieux “Fransada aparıcı sahibkarlıq şəbəkəsi” mövzusunda çıxış edib və tələbələri maraqlandıran sualları cavablandırıb.
Tədbirin sonunda cənab Geoffroy Roux de Bezieux UFAZ-ın xatirə kitabına ürək sözlərini yazıb.